Xəbərlərs

07.06.2017

Rus dili fənnindən 6-cı siniflər üçün test kitabçasının təkmilləşdirilməsi və yeni təhsil proqramı (kurikulum) əsasında X sinif “Qiymətləndirmə tapşırıqları” vəsaitinin hazırlanması ilə bağlı məlumat

7 iyun 2017-ci il tarixdə, saat 13:00-da Dövlət İmtahan Mərkəzində 6-cı siniflər üçün test kitabçasının təkmilləşdirilməsi və yeni təhsil proqramı (kurikulum) üzrə X siniflər üçün “Qiymətləndirmə tapşırıqları” vəsaitinin hazırlanması ilə bağlı müəllif qrupunun iclası keçirilib.

6-cı siniflər üçün test kitabçası müəlliflər tərəfindən müvafiq dərsliyin yeni nəşri ilə (2015-ci il) tutuşdurulub. Dərslikdəki dəyişikliklər nəzərə alınmaqla, kitabçaya düzəlişlər edilib. 

Həmçinin iclasda yeni təhsil proqramı (kurikulum) əsasında X sinif “Qiymətləndirmə tapşırıqları” vəsaiti üçün hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Müzakirədə 3-cü tədris vahidinə (“Состав слова (Морфемика) Словообразование”) aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Аудирование и говорение”, “Чтение”, “Письмо”, “Языковые правила” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən müəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.

Növbəti iclasda (14 iyun 2017-ci il tarixdə, saat 13:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) 4-cü tədris vahidi (“Орфография”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq.


Back to News