Xəbərlərs

07.06.2017

Fizika fənnindən 8-ci siniflər üçün test kitabçasının təkmilləşdirilməsi və yeni təhsil proqramı (kurikulum) əsasında X sinif “Qiymətləndirmə tapşırıqları” vəsaitinin hazırlanması ilə bağlı məlumat

7 iyun 2017-ci il tarixdə, saat 10:00-da Dövlət İmtahan Mərkəzində 8-ci siniflər üçün test kitabçasının təkmilləşdirilməsi və yeni təhsil proqramı (kurikulum) üzrə X siniflər üçün “Qiymətləndirmə tapşırıqları” vəsaitinin hazırlanması ilə bağlı müəlliflər qrupunun iclası keçirilib.

8-ci siniflər üçün test kitabçası müəlliflər tərəfindən yenidən müvafiq dərsliyin son nəşri ilə (2015-ci il) tutuşdurulub, kitabçaya düzəlişlər edilib.

Həmçinin iclasda yeni təhsil proqramı (kurikulum) əsasında X sinif “Qiymətləndirmə tapşırıqları” vəsaiti üçün hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılıb. Müzakirədə 3-cü tədris vahidinə (“Saxlanma qanunları”) aid nümunələrin verilmiş mövzuları əhatə etməsi, “Fiziki hadisələr, qanunauyğunluqlar, qanunlar”, “Eksperimental fizika və müasir həyat” məzmun xətləri üzrə bilik və bacarıqların aşkara çıxarılıb qiymətləndirilməsinə imkan verməsi yoxlanıb. İclasda iştirak edən həmmüəlliflər tapşırıq nümunələri ilə bağlı fikirlərini bildirib, təkliflər veriblər. Müzakirələr nəticəsində məzmun xətləri üzrə alt standartların reallaşdırılma səviyyəsinin yoxlanmasına imkan verən tapşırıqlar müəyyənləşdirilib və onların vəsaitdə istifadəsi qərara alınıb.

Növbəti iclasda (14 iyun 2017-ci il tarixdə, saat 10:00-da; ünvan: Abdulvahab Salamzadə küçəsi, 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə) 4-cü tədris vahidi (“Mexaniki rəqslər və dalğalar”) üzrə hazırlanmış tapşırıq nümunələrinin müzakirəsi aparılacaq.


Back to News