Riyaziyyat

Forumlar » 6-cı sinif » Riyaziyyat
Səhifələr: Prev 1 2
RSS
Riyaziyyat
Quote
Talibov Əlinaz:
ı

Quote
Talibov Əlinaz:
Axşamınız xeyir! Müəlliflərə fikirlərimi səmimi qəbul etdikləri üçün təşəkkür edirəm. VI siniflər üçün "Riyaziyyat" dərsliyinin son səhifəsində (səh.198) sadə ədədlərlə bağlı verilmiş tarixi məlumatda (əslində müəlliflərin fikirlərində)sonuncu iki cümlədən başqa bütün fikirlər səhvdir. Əgər şagirdlər həmin alqoritmlə hərəkət etsələr, onda Eratosfen şəbəkəsində heç bir ədəd qalmaz.
Əvvəla, Eratosfen dərslikdə qeyd olunduğu kimi yox, eramızdan əvvəl 276-194-cü illərdə yaşamış yunan riyaziyyatçısı, astronomu və coğrafiyaşünasıdır. O, riyaziyyatda sadə ədələrin tapılması üsulunu vermişdir. Həm də "Eratosfen qəfəsi" adlanan bu üsul kitabda yazıldığı kimi deyil, aşağıdakı kimi tətbiq olunur:
1. Əvvəlcə 2-dən n-ə qədər ədədləri yazırıq(2,3,4,5,...,n).
2. Sonra 2-dən başqa bütün 2-yə bölünən ədədləri pozuruq.
3. Daha sonra 3-ə, 5-ə, 7-yə və s bölünən ədədləri bu ədədlər istisna olmaqla pozuruq.
4. Prosesi qeyd olunan qayda ilə mümkün olduğu qədər davam edirik.
Nəticədə 2-dən n-ə qədər (n daxil olmaya da bilər) sadə ədədlər alınır. Məlum olduğu kimi bu alqoritmin daha da ümumiləşmiş halı da var və bu üsul VI sinif şagirdlərinin başa düşə bilmələri üçün nisbətən çətindir.
Səmimiyyətlə...
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
VI sinif “Riyaziyyat” dərsliyi ilə tanış olandan sonra bəzi fikirlərimi bildirməyi özümə borc bildim.
1.Səhifə 61-də Məsələ 7-də: “Düzbucaqlının uzunluğu 23 sm olub perimetrinin 55 % -nə bərabərdir”. Belə səhv dərsliyə böyük xələl gətirir.
2.Səhifə 64-də Məsələ 12-də: 2012-ci ildə Azərbaycanın 9 milyon əhalisi vardı ki, onlardan 3-milyonu Şəhərlərdə yaşayırdı. Əhalinin neçə faizi kəndlərdə yaşayırdı? Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şirvan, Lənkaran, Masallı, Mingəçevir, Şəki və s. (rayon mərkəzlərinin hamısı Şəhər statusunda olduğunu nəzərə alınsaydı) Şəhərlərində yaşayan əhali sayı kitabda yazılandan daha çoxdur, mötərizədəkini nəzərə alsaq nəticə neçə olar? Coğrafiya dərsliklərində Şəhər əhalisi 54,1% göstərilir.
3.Səhifə 104-də çalışma 12-dəki “ Verilmiş tənliklərdə a hansı ədədi (?) ala bilməz” cümləsini necə başa düşək.
4.Səhifə 47. Məsələ 20. Əli sinif otağının hündürlüyünü ölçərək 2,5m olduğunu ( tikinti standartında 3m olmalıdır ) müəyyən etdi. Otağın, qapının və pəncərənin hündürlukləri nisbəti uygun olaraq 5:3:2 kimidir. Pencərənin və qapının hündürlüyünü tapın. Məsələni həll etdikdə və cavaba baxdıqda qapının hündürlüyü 1,5 m olduğu görünür. Bu qapı hansı tikinti qapısıdır? Yaxud bu qapıdan kim istifadə edə bilər?
5.Səhifə 72. Məsələ 4. Cədvələ baxanda bilinir ki, dərslik müəllifləri futboldan xəbərsizdir və bu cədvəl Azərbaycan futbolunu təhqir edir.
I. ona görəki, ilk 5-likdə gedən komandaların nəticəsi belədirsə, gör aşağıdakılar nə vəziyyətdədirlər;
II. “Bakı” komandası 1 dənədə qol vurmayıbsa I yerdə gedənlə eyni miqdarda xal toplaması necə inandırıcı görünür;
III. İlk pillələrdə yer tutan komandalarda vurulan və buraxılan topların fərqi həmişə müsbət olur;
IV. Əgər çempionata cəmi 5 komanda varsa onda vurulan və buraxılan topların fərqi sıfır olmalıdır. Amma bu cədvəldə vurulan və buraxılan topların fərqi ( halbuki, çempionatda lider komandalarda bu fərq müsbət olmalıdır) mənfidir. (?)
6.Səhifə 55. Məsələ 16. “tayada olan saman.....” fikri kənd təsərrüfatı ilə azca bələdçi olan insanları təəccübləndirir. Tayada ot olar, saman yox.
7.Səhifə 65. Məsələ 6. “ konfet fabrikində ........” fikri karamel fabriki kimi işlədilməlidir.
8.Səhifə 112. IV abzasda a düz xətti və onun xaricində A nöqtəsi verilib.A nöqtəsindən keçib a düz xəttinə paralel düz xəttin günyə ilə çəkilməsinin izahı qüsurludur.
9.Səhifə 135. Məsələ 5 haqında bir neçə söz demək istəyirəm.
Şəkil elə çəkilməlidir ki, qiymətlər şəkilə uyğun olmalıdır. Şəkildə AK <BK görünür, amma qiymətə baxanda böyükdür.
Məsələni həll etdikdə radiuslar 5 sm, 4 sm, 3 sm və 2,3 sm alınır. Cavabda bu radiuslardan biri göstərilməyib, biri isə səhv ( 0,3 ) göstərilib.
10.Səhifə 65. Məsələ 2. Məsələnin cavabında 16 % yazılıb, halbuki, 16,6 % -dir. Əgər yuvarlaqlaşdırmadan istifadə olunubsa 17 % olmalı idi.
11.Səhifə 29. Çalışma 9-da cədvəldəki “Ə” hərfinə uyğun çalışma yoxdur.
12.Səhifə 147. Məsələ 7. Düzbucaqlı şəklində torpaq sahəsinin uzunluğu 201 sm, eni 10,02 m-dir........ bu necə düzbucaqlıdır ki, eni uzunluğundan böyükdür (?!).
13.Səhifə 139.Məsələ 15.İdman meydançasının diametri 100 m-dir.....
Meydança yox qaçış meydançası olmalıdır;
Nə meydança, nə də qaçış meydançası dairəvi olmur.
14.Səhifə 191.Məsələ 93. Ailə yay tətilində istirahət etmək üçün Şəkiyə yollandılar. Onlar 325km getdikdən sonra dincəlmək üçün kafedə dayandılar. Bütün yolun 1300 km olduğu məlumdursa, ailə yolun hansı hissəsini getmişdir? Azərbaycanın hansı ən ucqar iki yaşayış məntəqəsi arasındakı məsafə 1300 km yox, bunun yarısı qədər olar?
Sürücülər yaxşı bilirki, 325 km yolu ailəvi gedərkən heç olmazsa 1 dəfə saxlayarlar.
15.Səhifə 100. Çalışma 13. Mətn aşağıdakı kimidir: 9(3n-8)+3(36-9n) ifadəsi 4-ə bölünmür kimi verilib. Halbuki, bu ifadə n-in istənilən qiymətində 4-ə qalıqsız bölünür.
16.Səhifə 131. Çalışma 3(b)
OA=12mm, OK=8m olarsa AB=?
Çalışma 4(b)
OA=11mm, OB=8sm olarsa AB+OC=?
hər iki çalışmadakı səhv açıq-aydın görünür.
17.Səhifə 134. Məsələ5.
Verilənlərə baxdıqda asanlıqla görünür ki, çevrələrin heç bir ortaq nöqtəsi yoxdur və biri o birinin xaricindədir. Cavabda isə kəsişir yazılıb.
18.Səhifə 107. Məsələ 18. Məsələnin mətnində şərt səhvdir.
19.səhifə 183. Məsələ 18.Cavabda 1 ədəd 8 manatlıq 7 ədəd 6 manatlıq və 3 ədəd 8manatlıq, 6 ədəd 6 manatlıq kitab verilib. Halbuki, 1 ədəd 8 manatlıq, 7 ədəd 6 manatlıq və 4 ədəd 8 manatlıq, 3 ədəd 6 manatlıq kitab olmalıdır.
20. Çevrələrin qarşılıqlı vəziyyətində bütün hallar simvolik şəkildə verilsə daha yaxşı olardı. Bu və digər bölmələrdə parçanın işarələmələrində KA, MA və s. kimi yox AK, AM kimi olması daha müvafiqdir.
21. Düz xətlə çevrənin qarşılıqlı vəziyyətində çevrənin mərkəzindən düz xəttə qədər məsafə vasitəsi ilə verilməsi daha məqsədə uyğundur.
22. Səhifə 59.Məsələ 12. Şəkil elə verilib ki, buradakı miqyas ilə cavab arasında uyğunluq yoxdur.
23. Səhifə 183. Məsələ 17. Məsələnin cavabında 1 hal verilib. Halbuki başqa variantda var. Bu nəzərə alınmayıb.
24.Səhifə 55.Məsələ 16. Cavab səhvdir.
25.Səhifə 161.Məsələ 5.Cədvələ baxanda şagirdin 7 saat məktəbdə olması verilib. Bu 9 dərs vahidindən artıqdır. Bu heç bir məntiqə uyğun deyil. Əlavə olaraq şagirdin 7 saat yatdığı verilib. Bu da 18 yaşa qədər uşağın yuxu norması düsturuna ( y=8+(18-x)/2 düsturuna, burada x-yaşı, y-saatı göstərir) əsasən çox azdır.
Qeyd: Hörmətli Müəlliflər və əziz oxucular məqsədim müəllifləri tənqid etmək deyil, əsas fikrim dərsliyimizin növbəti nəşrlərində buraxılan səhvlərin aradan qaldırılmasıdır.
NEMƏTOV ƏDALƏT
VI sinif Riyaziyyat dərsliyində həndəsəyə aid xeyli material verilib. Mövzuların böyük əksəriyyətinin izahı qənaətbəxşdir, kifayət qədər məsələ verilib. Dərslikdə həndəsəyə aid materiallarla bağlı fikirlərimi bildirməyi özümə borc bildim.
Səhifə 112-də üçbucaq xətkeşin (günyənin) köməyi ilə müstəvi üzərində verilmiş nöqtədən verilmiş düz xəttə paralel düz xətt çəkmək qaydası verilib. Bu izahatla bağlı bir sıra fikirlərimi bildirmək istəyirəm:
1. Müxtəlif səhifələrdə günyə müxtəlif adla təqdim olunub, həmin alətin bir mənalı günyə kimi göstərilməsi daha məqsədə müvafiqdir.
2. Verilən izahat qüsurlu olmaqla bərabər, A nöqtəsindən fərqli B nöqtəsinin tapılması (şəkildən açıq-aşkar görünür ki, B nöqtəsinin a düz xəttindən məsafəsi A-nın həmin düz xəttdən məsafəsindən kiçikdir) qaydası anlaşılmazdır. Izahatdan və şəkildən belə görünür ki, A nöqtəsindən a düz xəttinə qədər məsafə günyənin bir tərəfinin uzunluğu böyüklükdədir. (halbuki B nöqtəsi həmin qaydada tapılmayıb) əgər günyənin bir tərəfi A nöqtəsinin a düz xəttinə qədər məsafəsindən kiçik və ya böyük olsa idi bəs qurma necə yerinə yetiriləcəkdi?
Bu qurma əslində aşağıdakı qaydalarla yerinə yetirilməlidir:
I usul. a düz xəttinin ixtiyarı nöqtəsindən ona perpendikuliyar bir düz xətt çəkmək sonra A nöqtəsindən həmin düz xəttə perpendikuliyar düz xətt çəkilməlidir. Alınan düz xətt a düz xəttinə paralel olacaqdır.
II usul. A nöqtəsindən a düz xəttinə perpendikuliyar düz xətt çəkək. sonra A nöqtəsindən həmin çəkilən düz xəttə perpendikuliyar düz xətt çəksək bu düz xətt verilən a düz xəttinə paralel olacaqdır.
Bu iki həll usulunda günyənin əsas funksiyasindan istifadə olunur.
III usul. Xətkeş və günyə ilə verilən nöqtədən verilmiş düz xəttə paralel düz xəttin çəkmə usulu ən çox işlənən usuldur.
3. Diqqətlə fikir verdikdə səhifə 112-də müstəvi üzərində verilmiş nöqtədən verilmiş düz xəttə perpendikuliyar düz xətti üçbucaq xətkeşin (?!) köməyi ilə çəkmək qaydası da qüsurlu şəkildə verilib.
4. Dərslikdə bir neçə yerdə “verilmiş düz xəttləri düzbucaqlını, bucağı çevrəni, dairəni və s. dəftərinizə köçürün” kimi məntiqsiz tapşırıq verilib.
5. Dərslikdə qurma alətlərindən istifadəyə aid kifayət qədər məsələ verilib.
Təkcə bu dərslikdə deyil digər dərsliklərdə də qarışdırılan bir vacib məsələni xüsusi qeyd etmək istəyirəm. Bütün həndəsə dərsliklərimizdə xətkeşlə iki tərəfli xətkeş qarışdırılır və bir adla göstərilir. Aydınlığ üçün fərqi oxuculara təqdim edirəm.
Həndəsədə “xətkeş-yalnız bir tərəfi ilə düz xətt çəkmək mümkün olan həndəsi qurmalarda işlədilən riyazi alətdir” (Bax: ASE, X cild, səhifə 81) kimi verilmişdir.
Bizim məktəblərdə istifadə olunan və çox vaxt xətkeş kimi işlədilən qurma aləti ikitərəfli xətkeşdir.
İkitərəfli xətkeş-hər iki tərəfi ilə düz xətt çəkmək mümkün olan, tərəfləri bir-birinə parallel, həndəsi qurmalarda və xətti ölçmədə işlədilən, üzərində bölgü nöqtələri olan riyazi alətdir.
(Bax: ASE, X cild, səhifə 81)
Doğrudur ixtiyarımızda xətkeş formalı qurma aləti yoxdur, lakin ikitərəfli xətkeşin bir tərəfindən istifadəyə icazə verilməzsə onu xətkeş kimi təsəvvür etmək olar. Deməli ikitərəfli xətkeş qurma zamanı iki qurma alətini əvəz edir.
6. Səhifə 130-da üçbucağın qurulması bəhsində “tərəfinə və ona bitişik bucaqlarına görə üçbucağın qurulması” məsələsi verilib, yaxşı olardı ki, həmin bəhsdə 3 tərəfinə görə üçbucağın qurulması və İki tərəfi və onlar arasındakı bucağına görə üçbucağın qurulması məsələsi də öyrədiləydi.
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi

Dərslikdə təqdir olunan xeyli material verilmişdir. Tarixi məlumatların verilməsi, riyaziyyatçı alimlərin gördükləri işlər, xəritə və miqyas haqqında geniş məlumatlar, ƏKOB, ƏBOB çoxluqların kəsişməsi, birləşməsi, cəmi, fərqi, faizə aid bütün zəruri məlumatlar, müstəqil Respublikamız haqqında məlumatlar, dövlət rəmzlərimiz, qədim ölçü vahidləri haqqında yeri gəldikcə məlumatların verilməsi, həndəsi məlumatların bolluğu dərslik müəlliflərinin uğurlu addımıdır.
Dərslikdə bir neçə mövzunun gözəl izahı verilib, həmin mövzulara aid maraqlı çalışmalar verilmişdir. Dairənin sahəsi, ox simmetriyası, silindr, sahələrinin ölçülməsi, bucaq , faiz, düz və tərs mütənasib asılılıq, ehtimal və s. və onlara aid verilən çalışmalar təqdirəlayiqdir. Xüsusilə səhifə 156-da silindrin düzbucaqlı paralelepipeddən yonulmaqla alınan həndəsi cisim kimi verilməsi uğurlu addım kimi qiymətləndirilməlidir. Həndəsi cisimlərdə görünməyən tillərin qırıq-qırıq xətlə verilməsi yaddan çıxıb.
Sahənin ölçülməsi, dairə, sektor, seqment, dairənin sahəsinə aid verilən məsələlər, xüsusilə müxtəlif həndəsi fiqurların kombinasiyasına aid məsələlər çox maraqlıdır. Lakin burada səhifə 157-də məsələ 13-də verilmiş radiusu 2 sm, hündürlüyü 0.7 dm olan silindrin şəkli qüsurludur.
Bununla yanaşı dərslikdə uğurlara baxmayaraq xeyli qüsurlara və səhvlərə yol verilmişdir. Əvvəlki fikirlərimdə bunların bir qisminə münasibətimi bildirmişəm. Fürsətdən istifadə edib həmin yazını oxumuş bütün oxuculara dərin minnətdarlığımı bildirirəm. Amma çox təəssüf dərslik müəllifləri həmin yazını oxusalar da belə bu günə kimi münasibətlərini bildirməyiblər. Dərsliklərimizdə qüsurların, səhvlərin olmamasını istəyimdən müşahidə etdiyim digər qüsur və səhvləri oxucuların müzakirəsinə verirəm:
Dərsliyin forzasında verilən Azərbaycan Respublikasının Dövlət bayrağı həm ölçüsünə, həm də rənginə görə təhrif olunub.
Dərsliklərdə çalışmaların cavablarının verilməsi çox yaxşı haldır. Lakin cavab verilirsə hamısının cavabı verilsin. Asan çalışmanın cavabının verilməsi, çətinlərin cavablarının verilməməsi şagirddə, müəllimdə, oxucuda başqa fikir yaradır.
Səhifə 183, məsələ 16. Futbol üzrə çempionatda xallar bu cür paylanır: qələbə üçün 3 xal heç-heçə 1 xal, məğlubiyyət 0 xal. Komanda 8 oyun oynadı və 20 xal qazandı. Komanda oyunun neçəsini qələbə, neçəsini heç-heçə, neçəsini məğlubiyyət ilə keçirdi?
İlk növbədə bu tipli məsələ verilməsi çox yaxşı haldır. Lakin daha gözəl olardı ki, məğlubiyyət sayı 0 yox 1; 2 yaxud başqa sayda olaydı. Onsuzda hər iki variantda həll üsulu cədvəl üsulu ilə aparılacaq.
Səhifə 183, məsələ 17. 30 kibrit çöpündən Məhəmməd 3 bucaq və kvadrat düzəltdi. Üçbucağa 3 kibrit çöpü kvadrata 4 kibrit çöpü sərf edirsə neçə üçbucaq və neçə kvadrat düzəltdi? Əgər kvadrat və üçbucaq tərəfləri 2 kibrit çöpündən olarsa, neçə kvadrat və neçə üçbucaq düzələr?
Məsələnin mətnində ən çox fiqur almaq şərti yoxdur, ona görə dərsliyin cavabındakı 6 üçbucaq, üç kvadrat halından başqa variant da var. Bu 2 üçbucaq 6 kvadratdır. (Söhbət məsələnin 1-ci hissəsindən gedir)
Səhifə 134-də məsələ 5 mərkəzləri C və D nöqtələrində olan 3.4 sm və 6.7 sm radiuslu 2 çevrə verilmişdir. CD=39 sm olarsa onların qarşılıqlı vəziyyətini müəyyən edin. Açıq aşkar görünür ki, bu çevrələrin biri o birinin xaricidə olmaqla heç bir ortaq nöqtəsi yoxdur. Kitabın cavabında isə onların kəsişməsi göstərilib.
Səhifə 183, məsələ 18. Dostlarına yeni il hədiyyəsi almaq üçün Fəridin 50 manat pulu var idi. Fərid biri 6 manat və 8 manat olan kitabları bəyəndi. Fəridin bütün pulunu xərclədiyi məlumdursa, hər kitabdan neçəsini almışdır?
Məsələni həll etdikdə 2 variant alınır. I variant-8 manatlıq 1 kitab, 6 manatlıq 7 kitab; II variant-8 manatlıq 4 kitab, 6 manatlıq 3 kitab alınır. Dərsliyin cavabında isə variantın biri verilsə də, digər variant (8 manatlıq 3 kitab, 6 manatlıq 6 kitab) səhv verilib.
Səhifə 185 məsələ 39 yeşikdə almaların sayı 80-dən azdır. Onları iki, üç və beş uşaq arasında bərabər bölmək mümkündür, lakin dörd uşaq arasında bölmək mümkün deyil. Yeşikdə neçə alma var?
İlk növbədə qeyd edim ki, məsələ maraqlıdır. Lakin şərt dəqiq verilmədiyindən bir neçə variant var. Ya almanın ən azı neçə olması (Bu halda cavab 10-dur) Yada ən çox olması (Bu halda isə cavab 70-dir) şərti verilməli idi. Hətta daha 2 variant var-bu halda isə almaların sayı 30; 50 ola bilər.
Dərslikdə bir neçə yerdə parçanın işarələnməsində uyğunsuzluğa yol verilib: məsələn AK parçası KA kimi işarələnmişdir.
Səhifə 144 məsələ 2. Dəftər vərəqini 4 qatlayıb üzərində hər hansı fiqur çəkin. Qayçı ilə bu kağızı fiqurun tərəfləri boyunca kəsin. Alınmış fiqurların neçəsi konqruyentdir?
Müəlliflər şagirddən-alınmış fiqurların dördünün də konqruyent olduğunu alması qənaətinə gəlməsini istəyirlər. Çox gözəl. Amma müəlliflər bir məsələni unudublar, onlar şagirdlərin çəkəcəyi fiqurların tərəflərinin parça kimi olacağını nəzərdə tutublar, ona görə tərəfləri boyunca kəsməyi tövsiyə ediblər. Əgər çəkilən fiqurlar əyri xətli (Çevrə, dairə və ya başqa əyri xətli fiqur) olsa onda həmin fiqurların tərəfləri hansı olacaq? Daha doğrusu məsələnin şərtində sonluq belə olmalı idi: Qayçı ilə bu kağızı fiquru konturu boyunca kəsin.
Səhifə 181 məsələ 4 Dairəvi diaqrama əsasən əhalinin neçə faizinin uşaq olduğunu təyin edin. Diaqramda kişilər əhalinin 1/4-ni, 49% qadınları, qalan hissə isə uşaqların sayını göstərir. İlk baxışda kəsrə və faizə aid maraqlı məsələ olduğu görünür. Amma nəzər alsaq ki, əhali cinsinə görə 3 deyil 2 növə bölünür. Yaxşı olardı ki, kişilər filan qədər (kəsr yaxud faiz şəklində) qadınlar filan qədərdir (kəsr yaxud faiz şəklində) şəklində, bunların isə filan qədəri uşaqdır şərti veriləydi, uşaqların sayının tapılması soruşulaydı. Dəqiqliyə şübhəsi olan uşaqlara verilən şəxsiyyət vəsiqəsinə baxmaq kifayət edər.
V və VI siniflərdə üçbucaqların qurulmasının 2 halı verilib, III hal verilməyib. Dərslik müəlliflərinin qurma məsələlərinə yer verməsi çox müsbət haldır. Yaxşı olardı ki, 2 tərəf və bu tərəflərdən birinə çəkilmiş hündürlüyünə, medianına, tən böləninə, və başqa tipli məsələlər də veriləydi.
Səhifə 105 məsələ 3. Şəkillər reallığı əks etdirmir.
Qeyd:Hörmətli oxucuların diqqətinə bir məsələni çatdırmaq istəyirəm. səhvən yuxarıda verilən bəndlərdən təkrar gedib. Bunu nəzərə almağınızı xahiş edirəm.
Çox hörmətli Ədalət müəllim, hər vaxtınız xeyir olsun. 01.01.2016 tarixdə VI sinif "Riyaziyyat" dərsliyi ilə bağlı maraqlı təkliflərinizi diqqətlə oxudum. Hesab edirəm ki, fikirlərinizin əvvəlində dərsliyin tam adı, müəllifləri haqqında məlumat, nəşr tarixi və nəşriyyatın adını qeyd etməyiniz daha məqsədəuyğun olardı.
Məsələn: Sevda İsmayılova, Arzu Hüseynova
Riyaziyyat
Ümumtəhsil məktəblərinin6-cı sinfi üçün dərslik
Bakı, Şərq-Qərb Nəşriyyat Evi, 2013, 208 səh.
Bu məlumatların qeyd edilməsi, söhbətin hansı nəşrdən getdiyini aydınlaşdırmaq baxımından əhəmiyyətli olmaqla bərabər, həm də müəlliflərin tanınması, buraxılan səhvlərdə onlarla bərabər nəşriyyatın da məsuliyyət daşımalı olduğunu göstərmək baxımından əhəmiyyətlidir. Bundan başqa qeyd edilən dərslik 2015-ci ildə təkrar nəşr edilmiş, qeyd edilən nöqsanların böyük bir qismi yeni nəşrdə düzəldilmişdir. Ədalət müəllim qeyd etdiyiniz nöqsanlarıa tam razıyam və dərslikdə bu qədər nösanların olmasını pis hal hesab edirəm. Çalışmaq, elə bir yol tapmaq lazımdır ki, buraxılan nöqsanlar minimuma ensin. Olsan nöqsanlar da xırda orfoqrafik və ya mətbəə xətası olsun. Düzdür, bunlar da olmasa daha yaxşı olar. Amma az qala hər səhifədə hansısa səhvin olması dərsliyin dəyərini aşağı salır, ona inamı azaldır. Təklif edirəm ki, dərsliklər nəşr ediləndən sonra deyil, nəşr olunana qədər müzakirə olunmalıdır. Əvvəllər dəsliklərdə düzəliş səhifəsi olurdu. Yaxud səhifənin onda biri, bəlkə də daha kiçik ölçülü düzəliş əlavə edilirdi. Bu da əvvəlcədən hansı səhifədə, hansı abzasda, hansı sətirdə, hansı sözün və ya rəqəmin səhv getdiyini və əslində necə oxunmalı olduğunu həm şagirdlərə, həm də tədrislə məşğul olan müəllimlərə bildirməklə nə qədər rahatliq yaradır, lüzumsuz vaxt itkisinin qarşısını alırdı. İndi isə dərsliklər nəşr edildikdən sonra müzakirə başlanır, təkrar nəşrdə isə təklif olunan düzəlişlər ya hamısı nəzərə alınmır, ya da düzəliş edilərkən yeni səhvlərə yol verilir.
Sizin qeyd etdiyiniz səhifə ardıcıllığı ilə "Riyaziyyat 6" dərsliyinin 2013-cü il nəşri və 2015-ci il nəşri arasında fərqləri qeyd edirəm.
1) Səhifə 29, çalışma 9-da 2013-cü il nəşrində, nəinki "Ə" hərfinə, eyni zamanda "F" və "Z" hərflərinə də uğğun çalışma yoxdur. Bu nöqsan 2015-ci il nəşrində aradan qaldırılıb.
2) Səhifə 47, məsələ 20. 2015-ci il nəşrində ölçülərin nisbəti 5:3:2 kimi deyil, 5:4:2 kimi verilib
3) Səhifə 55, çalışma 16. Mən də hesab edirəm ki, saman tayası da ola bilər. Hər iki nəşrdə belə gedib.
4) Səhifə 59, məsələ 12. Şəkildə olan uyğunsuzluq 2015-ci il nəşrində aradan qaldırılıb.
5) Səhifə 61, məsələ 7. 2015-ci il nəşrində "uzunluqlarının cəmi" yazmaqla düzəliş edilib.
6) Səhifə 64, məsələ 12. Hər iki nəşrdə məsələ eyni verilib. Ədalət müəllim, mən də sizin kimi, hesab edirəm ki, şagirdlərə təklif olunan dərsliklərdə biliklər bir biri ilə uzlaşmalıdır.
7) Səhifə 65, məsələ 6. Sizinlə razıyam. Karamel fabriki daha ümumidir.
8) Səhifə 72, məsələ 4. Hər iki nəşrdə məsələ eyni verilsə də hesab edirəm ki, şərtdə uyğunsuzluq var.
9) Səhifə 100, çalışma 13.2015-ci il nəşrində "4-ə bölünmür" ifadəsi, "5-ə bölünmür" kimi yazılıb.
10) Səhifə 104, çalışma 12. Hər iki nəşrdə məsələ eyni verilsə də hesab edirəm ki, iradınızda haqlısınız.
11) Səhifə 107, məsələ 18. 2015-ci il nəşrində "190 detal" ifadəsi, "257" detal ifadəsi ilə əvəz edilib.
12) Səhifə 112, IV abzasda izahatın qüsurlu olmasında haqlısınız.
13) Səhifə 131, çalışma 3(b) 2015-ci il nəşrində "OK=8 m" ifadəsi, "OK=8 mm" ifadəsi ilə dəyişdirilib.
14) Səhifə 134 məsələ 5. 2015-ci il nəşrində bu məsələnin cavabı "Kəsişmir" yazılaraq düzəldilib.
15) Səhifə 139, məsələ 15. Hər iki nəşrdə məsələ eyni cür verilib. Şərtə dəyişiklik etmək lazımdır.
16) Səhifə 147, məsələ 7 Hər iki nəşrdə məsələ eynidir. Düzbucaqlının eninin uzunluğundan qısa veriməsi daha məqsədəuyğundur.
17) Səhifə 183, məsələ 18. Köhnə nəşrdəki səhv aradan qaldırılsa da, yeni nəşrdə yalnız bir cavab verilib.
18) Səhifə 191, məsələ 93 Hər iki nəşrdə məsələ eynidir. Lakin dəyişdirilməsi lazımdır
19) Qurma məsələləri haqqında fikirlərinizlə də tam şərikəm.
Azərbaycan təhsilinin inkişafı naminə hər bir müəllimə, təhsil işçisinə, ziyalıya səmərəli fəaliyyətində uğurlar arzulayır, can sağlığı diləyirəm! Bahar bayramınız mübarək! Uğurlar!
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
Çox hörmətli Cəbrayil müəllim Salam!
Mən də, sizi və Azərbaycan təhsil işçilərini keçmiş Novruz bayramı münasibəti ilə təbrik edirəm.
Yazınızı oxudum. Diqqətlə oxuduğunuza, əksər bəndlərlə bağlı fikirlərinizi bildirdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Çox təəssüf sizə kimi heç bir müəllimin burada verilən yazıları diqqətlə oxumadığı qənaətinə gəldim. Dərslik müəlliflərinin isə münasibət bildirməməyi daha çox təəccübümə səbəb oldu. Birinci müəllimsən ki, yazılarıma elmi yanaşmaqla, sanballı fikirlər söyləmişsiniz. Çox sağ olun.
Mənim (elə bilirəm ki, sizin və vətənpərvər müəllimlərin hamısının) fikrim tənqid deyil, dərsliklərimizin nöqsansız olmasını görmək arzumdan irəli gəlir. Bu fikirlər müəllimlərdən daha çox dərslik yazan və yazmaq istəyən müəlliflər üçün daha çox vacibdir.
Qeyd edirsiniz ki, dərsliklər çap olunmamışdan qabaq müzakirə olunsun. Bunu mən həm dərsliklərin müzakirəsi zamanı çıxışımla, həm də “Dərslik portalı”nda təkliflərimlə bildirmişəm.
Səhifə 29-dakı çalışma 9-da doğrudan da Ə hərfi ilə yanaşı F və Z hərfləri də yoxdur. Səhifə 47, məsələ 20-də 5:4:2 deyil 5:3:2 yazılıb. Üstəlik onu da qeyd edim ki, otağın da hündürlüyü 2.5m olmaz.
Səhifə 55, çalışma 16-da tayada samanın olmasını siz də müəlliflər kimi qəbul edirsiniz. Saman küləşin xırda-xırda üyüdülmüşüdür, xüsusi kənd təsərrüfatı texnikası ilə döyülür. Bunu taya şəklində yığmaq olmaz. Tayada ot olar.
Diqqətinizə görə çox sağ olun!
Əziz Ədalət müəllim, hər vaxtınız xeyir olsun. Sizin fikirlərinizlə tam razılaşıram ki, müzakirələrdə məqsədimiz dərsliklərimizi nöqsansız görmək, Azərbaycanda təhsilin inkişafına xidmət etməkdir. Sıradan hər hansı nəşr məhsulunda mətbəə xətası gedə bilər. Lakin elə nəşr məhsulları var ki, kiçik xəta belə yolverilməzdir. Məsələn: Orfoqrafiya lüğətləri, sorğu ədəbiyyatları, Qanunlar toplusu, ensiklopediyalar və s. Dərslik, dərs vəsaitləri də bu qəbildən olan nəşrlərdəndir. Nəzərə alsaq ki, dərslik və dərs vəsaitləri kütləvi nəşr olunur və ən azı 4-5 il istifadə üçün nəzərdə tutulur, onda məsələnin ciddiliyi meydana çıxır. Ən azından səhvlərlə dolu dərslikləri kütləvi nəşr etmək, ona sərf edilən iqtisadi resurslsrı israfçılıqla, əhəmiyyətsiz korlamaqdır. Məhz buna görə, hər bir xırda detalın da müzakirəsinə diqqətlə yanaşılmalı, təklif edilən düzəlişlər analiz edilərək, məqbul olan fikirlər yeni nəşrlərdə mütləq nəzərə alınmalıdır. Ona görə bu müzakirələri çox əhəmiyyətli hesab edirəm.
İndi isə "Riyaziyyat 6" dərsliyinin 55-ci səhifəsində çalışma 16-da "saman tayası" ifadəsinə qayıdaq.
Azərbaycan dilinin izahlı lüğətindən:

saman : is. Taxıl döyüldükdən və təmizləndikdən sonra qalan çöpşəkilli hissəciklər, xırda-xırda doğranmış küləş. Saman sənin deyil, samanlıq ki sənindir. (Ata. sözü). Qorxurdular ki, atlarımız üçün arpa, saman, özümüz üçün yemək alıb, parasını verməyəcəyik. H.Nəzərli. Calal .. saman tayasının arasında .. mağarayabənzər daldalıq bir yer düzəltmişdi. S.Vəliyev.
taya : is. Üst-üstə yığılmış ot, taxıl, saman, odun və s. qalağı (yığını). Taxıl tayası. Küləş tayası. – Bir tərəfdən tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. C.Məmmədquluzadə. Evin yanında bir taya təndir odunu var idi. B.Talıblı. _ Taya basmaq (vurmaq) – taxılı, odunu və s.-ni bir yerə toplayıb taya düzəltmək. Pambıqdan taya vurmaq. – Məşədi İslam taya basırdı. Mir Cəlal. Bir taya – çox, çoxlu. Bir taya çirk paltar.
küləş : is.Taxıl döyüldükdən sonra qalan quru çöplər; iri saman. Dəni küləşdən ayırmaq. Damı küləşlə örtmək. – Məşədi Ağakişi əlində yaba küləşi eşələyib qarışdırır. C.Məmmədquluzadə. Məktəb binası köhnə, üstü küləşlə örtülmüş yastı-yapalaq bir dam idi. Q.İlkin. // Bəzən həsir mənasında. [Zirzəmiyə] küləş şlyapalı uzun bir adam girdi. S.Vəliyev
Rusiyada baş vermiş bir hadisə haqqında xəbər:

1. Rusiyanın Zabaykalye vilayətinin qadın sakini yaxın tanışının həyətindəki saman tayasına od vurub.
Diqqətinizə görə minnətdaram. Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar diləyirəm!
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
Çox hörmətli Cəbrayıl müəllim!
Əziz portal iştirakçıları, Salam!
Təhsil Nazirliyinin və TQDK-nın təşkil etdiyi “Dərslik portalı”-nın faydası danılmazdır.
Riyaziyyat müəllimi olduğumdan dərsliklərdə verilən mübahisəli riyazi məlumatlar, çalışmalar haqqında diskussiyanın, elmi təhlilin, müzakirənin tərəfdarıyam. Məsələni hər bir müəllim müxtəlif üsulla həll edə bilər. Heç kim ona məsələni səhv həll etmisən deyə bilməz. Ancaq burada da səmərəli həll üsuluna üstünlük verilməlidir. Təvazökarlıqdan uzaq olsun “Fizika, Riyaziyyat və İnformatikanın tədrisi” və “Matematika v şkole” (1985 №1 cild 3-4-cü səhifə) jurnallarında çap olunan məqalələrimdə və “Tək bir alətlə qurma məsələləri kitabımda” belə fikir ayrılıqlarına geniş yer verilib. Həmin yazılarımda A. B. Alyayevin “Qeometriçeskiye postroeniya dvuxstronney lineykoy” (“Matematika v şkole” jurnalı, 1978, №2), B. İ. Arqunov və M. B. Balkın “Qeometriçeskie postroeniya na ploskosti” (Uçpedqiz, 1955) kitabında səhifə 24-25, yenə də orada səhifə 257-də, M. N. Nakoneçniyin “Razliçnıe sposobı reşeniya sposobstvuyut effektivnosti obuçeniya” (“Matematika v şkole” jurnalı 1980 №4) məqaləsində L. M. Fridman və A. N. Turetskinin “kak nauçitsya reşat zadaçi” (Moskva prosveşenie, 1984) kitabında, A. İ. Fetisovun “Qeometriya v zadaçax” (Moskva prosveşeni, 1977) kitabında daha bir neçə kitabda verilən fikirlərin, məsələlərin səmərəsiz olduğunu sübut etməklə yanaşı daha səmərəli, rasional üsulla (bəzilərini 2-3, hətta 5-6 yolla) həllərini vermişəm həmin dövrdə “Matematika v şkole” jurnalı 420.000 tirajla çap olunurdu və 144 xarici ölkədə onun abunəçisi var idi. Jurnalın 2 tam səhifəsini əhatə edən həmin yazım və 78 səhifəlik kitabım çap olanda adları çəkilən alimlərin çoxu həyatda var idilər. Hətta onlardan biri bu jurnalın redaksiya heyətinin üzvü idi. Bu yazıda gedən bu qədər tənqidi yazılara onlar cavab vermədi əks reaksiya olmadı.
Bu zaman ya obyektiv fikir olduğuna görə ya da mənim həmin məsələnin həllinə öz yanaşmam olduğuna hörmətlə yanaşmışdılar.
Riyaziyyatda elə məsələ ola bilər ki, 1 müəllim onu tənlik qurmaqla, digəri model qurmaqla, tamam başqası tənliklər sistemi qurmaqla həll edər. Bunların heç birinə məsələni səhv həll etmisən demək olmaz. Dərsliklərimizdə bir neçə belə məsələ var.
Bütün bunları yazmaqda məqsədim gördüyüm işləri sadalamaq, kiməsə hesabat vermək deyil, məqsədim-elmi diskussiyanın tərəfdarı olmağımı və ixtisasım üzrə məsələlərdə barışmaz olduğumu göstərməkdir.
Yoxsa ki, adi bir söz, yaxud termindən ötrü inad etmək mənə yaraşmaz.
Hörmətli Cəbrayıl müəllim, qeyd edirsən ki, saman kombaynın buğda yaxud arpanın döyülməsindən alınan bəlimin xırda-xırda doğranmışıdır. Belə xırda-xırda doğranmış bəlim qırıntılarından taya qoymaq olar?
Məsəl çəkirsən: “saman sənin deyil, samanlıq ki, sənindir” (taya demir-samanlıq deyir, samanı taya şəklində yığmaq və saxlamaq mümkün olmadığından samanlıq deyir!)
Saman haqqında ASE, VIII cild, səhifə 277-də məlumatı oxumaq bəs edər ki, fikrə aydınlıq gəlsin.
Hörmətli Cəbrayıl müəllim, sənə bir sualım var: özün saman görübsən? Əgər görübsənsə samandan taya qoymaq olarmı? Yəqin deyəcəksən ki, həqiqətən taya qoymaq olmaz. Samanı ancaq kisəyə, xarala yaxud samanlığa yığmaq olar.
Bəzi adamlar yerli ləhcə ilə çəngələ yaba deyirlər, bu o, demək deyil ki, yaba çəngəl kimi işlədilməlidir.
Şəhər adamı, hətta ziyalılarımız kənd təsərrüfatı ilə yaxından təmasda olmadığına görə terminləri yaxşı bilməyə bilər-ona savadsız demək olmaz hətta məhşur yazıçı şair olsada belə.
Bəzi bölgələrimizdə yeməkxanada sumaq yoxunuzdu deyəndə sumaq nədir? sualını eşidirsən. Bu o demək deyil ki, sumaq kimi ədviyyat növü yoxdur. “Dəli kür” kinosunda bir epizod var: ayə urus bu yumurtanı bu toyuq doğub... Bu o demək deyil ki, toyuq yumurtanı doğur?
Elmi bir irad, müzakirə olsa idi, daha ciddi yanaşardım. Amma “Saman” söhbətinə nə sizin, nə də özümün bu qədər çox vaxt ayırmasına ehtiyac hiss etmirəm. Mən... qurtardım!
Dərin hörmətlə: Ədalət müəllim.
6-cı sinif Riyaziyyat dərsliyi səh.165, tapşırıq 4-də sütunlu diaqram deyil, dairəvi diaqram qurulması tapşırılmalı idi, zənnimcə.
Səhifələr: Prev 1 2
Forumlar » 6-cı sinif » Riyaziyyat