“Ümumi tarix” dərsliyinə dair əlavə metodiki material. 6-cı sinif

Ən qədim dövrlərdən başlayaraq insanların həyatını öyrənməyə imkan verən tarixi mənbələr iki əsas qrupa ayrılır:

1. Maddi mənbələr. Maddi mənbələr dedikdə qədim yaşayış məskənləri, qəbir abidələri və arxeoloji qazıntılar nəticəsində əldə edilmiş əmək alətləri, məişət əşyaları, silahlar, bəzək əşyaları və s. başa düşülür.

2. Yazılı mənbələr.Buraya müxtəlif dövrlərə aid heroqlif, mixi və s. yazılar aiddir. Ən qədim yazılar e.ə. IV  minilliyin II yarısına  aiddir.

Tarixə köməkçi fənlər aşağıdakılardır:

1. Arxeologiya (yunanca “arxaos” - qədim, “loqos” - elm, yəni qədim dövr haqqında elm) – insanların həyatını arxeoloji qazıntılar zamanı tapılmış maddi mənbələr əsasında öyrənən elmdir.

2. Antropologiya  (yunanca “antropos” - insan, “loqos” - elm, yəni insan haqqında elm) – ən qədim insan skeletinin qalıqlarına əsasən onların xarici görkəminin necə olduğunu müəyyən etməklə məşğul olan elmdir.

3. Etnoqrafiya (yunanca “etnos” - xalq, “qrafo” - yazıram) ­­– müxtəlif xalqların həyatını öyrənən elmdir.

4. Xronologiya (yunanca “xronos” - zaman, “loqos” - təlim, yəni zaman haqqında elm) – tarixdə baş vermiş hadisələri zaman ardıcıllığı ilə öyrənən elmdir.

5. Paleoqrafiya (yunanca “palayos” - qədim, “qrafo”- yazıram deməkdir) – qədim yazıları öyrənən elmdir.

6. Heraldika (latın dilində “heraldus” – carçı deməkdir) – ən qədim dövrdən mövcud olmuş möhür, emblem və nişanları öyrənən elm, gerbşünaslıq. Bəzən sigilloqrafiya (latın dilində “sigillum” – möhür deməkdir) heraldikadan ayrıca elm sahəsi kimi başa düşülür.

7. Numizmatika (latın dilində “nomisma” ­– sikkə deməkdir) – sikkə pulları və əskinasları öyrənən elmdir.

8. Epiqrafika (yunanca “epiqrafy” – yazı deməkdir) – daş, saxsı qab və ya metal lövhələr üzərində həkk olunmuş yazıların məzmun və formalarını öyrənir.

9. Diplomatika – tarixi aktları və höquqi sənədləri öyrənən elmdir.

10. Genealogiya (yunanca “genea” - ailə deməkdir)  – soyadların və nəsillərin mənşəyini öyrənir.

11.  Tarixi metrologiya – tarixən mövcud olmuş ölçü və çəki sistemlərini öyrənən elmdir.

12. Tarixi coğrafiya – tarixi coğrafiya prizmasından öyrənən elmdir.

13. Onomastika (yunanca “onomastik” – ad deməkdir)xüsusi adların bütün növlərinin mənşəyini öyrənir.